XƏBƏRLƏR
14:30, 22.05.2023
ETN Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları beynəlxalq kursu uğurla başa vurublar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun(GEİ) icraçı direktoru, b.ü.e.d. Mehrac Abbasov, Rüşeym plazması laboratoriyasının müdiri, b.ü.f.d., dosent Sevinc Məmmədova, Molekulyar genetika və genomika şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d. Sevda Babayeva, Məlumat bazası qrupunun böyük elmi işçisi, b.ü.f.d. İlhamə Mirzəliyevanın da daxil olduğu nümayəndə heyəti Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondunun (Crop Trust) 2023-2030-cu illəri əhatə edəcək “İqlim dəyişmələri fonunda biomüxtəliflik üçün yeni imkanlar və inkişaf” layihəsi çərçivəsində Almaniyanın Bonn şəhərində 15-19 may, 2023-cü il tarixlərində “Genbankların idarə edilməsinin prinsipləri və keyfiyyət təminatı sistemi” mövzusunda keçirilən beynəlxalq kursu başa vurublar. Adıgedən kursda dünyanın aidiyyatı nüfuzlu beynəlxaıq təşkilatlarının mütəxəssis və tanınmış alimləri tərəfindən təqdim olunan “Genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi”, “Genbanklarda keyfiyyət təminatı sisteminin qurulması”, “Beynəlxalq məlumat bazalarına inteqrasiya”, “Bitki genetik ehtiyatları sahəsində beynəlxalq siyasət və milli siyasətlərin formalaşdırılması” və “Gələcək genbankların tələbləri” mövzularında məruzələr dinlənilib, eləcə də bitki genetik ehtiyatları üzrə milli və beynəlxalq sistemlər işgüzar şəraitdə müqayisəli təhlil olunub. Quraqlıq Bölgələrdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin(İCARDA) yeni qurulmuş genbankında görülən işlərlə bağlı da kursda geniş məlumat verilib və GEİ ilə İCARDA arasında əməkdaşlığın genişləndirilməsi, birgə ekspedisiyalar, kadr hazırlığı, eləcə də yeni müasir metodların Azərbaycana gətirilməsi ilə bağlı müzakirələr və danışıqlar aparılıb.Tədbirdən sonra Almaniyanın Bonn Universitetinin Botanika bağı və təcrübə sahələrinə baxış keçirilib və GEİ ilə əməkdaşlıq imkanları da müzakirə edilib. Tədbirdə iştirak edən GEİ-nin əməkdaşlarına beynəlxalq sertifikatlar verilib.

 

 

FOTO>>>

 

© www.genres.az