RƏHBƏRLİKDirektor

ZEYNAL İBA OĞLÜ ƏKPƏROV

 

Aqrar elmləri üzrə elmlər doktoru

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi

Biomüxtəliflik və ƏKTBGE üzrə Milli Koordinator

Ünvan: Azadlıq pr. 155, Bakı, Azərbaycan

Tel.: (+994 12) 562 91 71; (+994 50) 611 47 40

Faks: (+994 12 ) 449 92 21

e-mail: z.akparov@genres.science.az

            akparov@yahoo.com

 

 

Əkpərov Zeynal İba oğlu 1952-ci ildə Cəlilabad rayonunun Privolnı kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş (1978), ET Əkinçilik İnstitutunun əyani aspiranturasında təhsil almışdır (1978-1981).

Z.Əkpərov 1982-ci ildən ET Əkinçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində işləmiş, 2002-ci ilin sonundan AMEA Genetik Ehtiyatlar İnstitutunun direktorudur. Aqrar elmləri üzrə elmlər doktoru (2010), AMEA-nın müxbir üzvü (2014), professordur (2018).

Z.Əkpərov bitkilərin genetik müxtəlifliyinin tədqiqi, toplanması, mühafizəsi, səmərəli istifadəsi və yeni sortların yaradılması, becərilmə texnologiyasının elmi əsaslarının işlənib hazırlanması sahələrində bir sıra mühüm elmi və elmi-praktiki nailiyyətlər əldə etmişdir. O, Azərbaycanda genetik ehtiyatlar sahəsində elmi fəaliyyətləri istiqamətləndirməyə və əlaqələndirməyə, müxtəlifliyi qiymətləndirməyə imkan verən, onların etibarlı mühafizəsi və səmərəli istifadəsini təmin edən modellər vermişdir. Onun rəhbərliyi ilə bitki genetik ehtiyatlarının toplanması, mühafizəsi, səmərəli istifa­dəsinin və informa­siya siste­minin elmi-nəzəri əsasları işlənib hazır­lanmış, Milli Genbank və Milli Şəbəkə yaradılmış, genefond nümunələrinin genetik pasportlaşdırılması, dün­yada ilk dəfə olaraq, “Azərbay­can gülöy­şəsi” nar sortu­nun geno­munun de-novo oxun­ması həyata keçirilmişdir. Z.Əkpərovun elmi rəhbərliyi ilə elmin ən müasir sahələri üzrə tədqiqat işi aparmaq məqəsdilə  Genetik Ehtiyatlar İnstitutunda Biotexnologiya, İnsan genetikası, Kompüter genomikası və Virusologiya laboratoriyaları yaradılmış, çox sayda yüksək ixtisaslı kadrlar hazırlanmışdır.

Z.Əkpərov 190 elmi əsərin (85-i xaricdə), o cümlədən 6 kitab (3-i xaricdə), 3 monoqrafiya, 2 kitabça, 2 tövsiyə, 14 müəlliflik şəhadətnaməsi və patentin, 2 ixtiranın müəllifidir. Həmmüəllifi olduğu 14 bitki sortu rayonlaşdırılaraq patentləşdirilmişdir.

Alim gənc kadrların hazırlığı sahəsində mühüm nailiyyətlərə imza atmış, rəhbərliyi ilə onlarla gənc dünyanın aparıcı uni­versitet və elmi mərkəz­lərində el­min ən müasir sahələri üzrə təhsillərini davam etdirmişlər. Z.Əkpərovun rəhbərliyi və məsləhətçiliyi ilə 6 fəlsəfə, 1 elmlər doktoru hazırlanmışdır. O, 8 elmlər doktorunun elmi məsləhətçisi, 6 fəlsəfə doktorunun elmi rəhbəridir.

Z.Əkpərov uzun illərdir ki, beynəlxalq təşkilatlarda, o cümlədən Biomüxtəlifliyə dair Konvensiyanın və FAO-nun strukturlarında Milli Koordinator kimi Azərbaycanı uğurla təmsil edir. O, Bitki Genetik Ehtiyatları üzrə Avropa Əməkdaşlıq Proqramının İdarəedici Komitəsinin üzvüdür. Z.Əkpərov 7 beynəlxalq konfransın əlaqələndiricisi və təşkilat komitəsinin sədri olmuşdur. 

Z.Əkpərov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. Mədəni bitkilərin genetik ehtiyatları üzrə Elmi-Texniki Şuranın və “Biomüxtəlifliyin mühafizəsi” cəmiyyətinin sədridir. AMEA-nın Həyat elmləri və biotibb jurnalının və bir neçə beynəlxalq nəşrin ("Genetic Resources and Crop Evolution" jurnalı (İF-1.423)) redaksiya heyətinin üzvü, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərlərinin Baş redaktorudur.

Z.Əkpərov AMEA Biologiya və Tibb Elmləri Bölməsi akademik-katibinin müavini olmuş (2016-2019), hazırda Bölmənin Elmi şurası sədrinin müavinidir.

Z.Əkpərov "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür (2015). O, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə, beynəlxalq jurnallarda dərc edilən elmi əsərlərinə və yüksək­ixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə  “Clarivate Analytics” ilə Elmin İnkişafı Fondunun həyat haqqında elmlər üzrə Ən Məhsuldar Müəllif və AMEA-nın Həsən bəy Zərdabi adına müka­fatları ilə təltif edilmişdir (2018).