XƏBƏRLƏR
21:29, 15.12.2018
AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

Dekabrın 14-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Öncə ölkə Prezidentinin Sərəncamına əsasən, AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun isə 60 illik yubileyi ilə bağlı təltif olunmuş əməkdaşlara mükafatlar təqdim edilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “AMEA-ya gənc alimlərin elmi tədqiqatlarını tamamlamaq üçün Avropanın nüfuzlu elmi tədqiqat müəssisələrinə göndərilməsi məqsədilə vəsait ayrılması barədə” Sərəncamı barədə məlumat verib.

Sonra AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov “Göbələk mənşəli bioloji aktiv maddələr: produsentlər, istehsalı, tətbiq sahələri və perspektivləri” mövzusunda çıxış edib. Təbii bioloji ehtiyatlardan istifadə baxımından hələ çox böyük potensialın mövcud olduğunu deyən məruzəçi bu potensialı aşkara çıxarmaq və reallaşdırmaq məqsədilə onların qorunması və bərpası üzrə daha səmərəli yolların axtarılmasının zəruriliyini qeyd edib. Bildirib ki, bu baxımdan canlılardan alınan və onlarda müxtəlif fizioloji proseslərə mühüm təsir göstərən, əsasən də üzvi mənşəli maddələr kimi xarakterizə olunan bioloji aktiv maddələrin (BAM) produsentlərinin istifadəsi böyük əhəmiyyət daşıyır.

P.Muradov hazırda Yer üzərində elmə məlum olan 2 milyondan artıq canlının bir qrupunu özündə birləşdirən göbələklərdən də bioloji ehtiyat kimi hələ çox qədimlərdən istifadə edildiyini deyib: “Göbələklər həm növ zənginliyinə, həm təbii şəraitdə yerinə yetirdikləri funksiyaların rəngarəngliyinə, həm də sintez etdikləri BAM-ların müxtəlifliyinə və geniş təsir spektrinə malik olmalarına görə heyvan və bakteriyalardan əhəmiyyətli dərəcədə fərqlənir”.

Zəngin və rəngarəng təbiətə malik olan Azərbaycan ərazisində göbələklərin geniş yayıldığını diqqətə çatdıran alim onların arasında bu gün dünyada BAM produsenti kimi sənaye miqyasında istifadə edilən göbələklərin əksəriyyətinə rast gəlindiyini qeyd edib. Bildirib ki, AMEA-nın Mikrobiologiya İnstitunun Bioloji aktiv maddələr və Mikrobioloji biotexnologiya laboratoriyalarında istər məlum, istərsə də Azərbaycanda yayılması yeni müəyyən edilən göbələklərin BAM produsenti kimi tədqiqi nəticəsində onların istifadəsi və tətbiqi üçün zəruri olan nəzəri və praktiki baza hazırlanmışdır. O, Azərbaycan ərazisində BAM-ların sintezi və istehsalına yönəlik tədqiqatların aparılmasının məqsədəuyğun olduğunu qeyd edib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - İbrahim Quliyevİradə HüseynovaRasim ƏliquliyevVaqif FərzəliyevƏhliman ƏmiraslanovVaqif Abbasov, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Daha sonra Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib. Mikrobiologiya İnstitutuna məruzədə qeyd edilən prioritet istiqamətlər, eləcə də müxtəlif təyinatlı bioloji aktiv maddələrin sintezi və istehsalı üzrə tədqiqatların davam etdirilməsi tapşırılıb.

İclasda, həmçinin bir sıra elmi-təşkilati məsələlərlə bağlı çıxışlar dinlənilib.

Akademiyanın elmi jurnallarının monitorinqi və nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi haqqında danışan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov son illər dünyada elmi jurnalların nəşrində ciddi dəyişikliklərin baş verirdiyini deyib. Qeyd edib ki, çap olunmuş jurnalların sayı və tirajının əhəmiyyətli dərəcədə azalması fonunda onlayn elmi nəşrlərin sayı sürətlə artır, çoxprofilli elmi toplular konkret elmi problemlər üzrə ixtisaslaşmış məhdud profilli jurnallarla əvəz olunur.

M.Mərdanov diqqətə çatdırıb ki, elmi jurnalların nəşri həm Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası və inkişafı, həm də ölkəmizin qədim və zəngin tarixi, mədəniyyəti, ədəbiyyatı, müasir inkişaf səviyyəsi və potensialı haqqında əsaslandırılmış məlumatların dünyaya çatdırılması baxımından son dərəcə əhəmiyyətlidir.

Alim son illərdə AMEA elmi jurnallarının fəaliyyətində baş verən bir sıra müsbət dəyişikliklərdən də söz açıb. Əvvəlki illərdən fərqli olaraq, AMEA jurnalının saytı və ya İnternet versiyasının hazırlandığını, bu resurslardan bəzilərinin xarici ölkələrdə də izlənildiyini bildirib. O, akademiyanın riyaziyyat və kimya elmləri üzrə nəşr olunan 4 jurnalının “Web of Science”, 3 jurnalının “Scopus”un elmi bazalarına daxil edildiyini qeyd edib.

M.Mərdanov, həmçinin AMEA-da elmi jurnalların nəşrində rast gəlinən problemlərdən danışıb.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - İradə Hüseynova, Rasim Əliquliyev, Əhliman Əmiraslanov, Rafael HüseynovYaqub MahmudovFikrət Əliyev, Vaqif Abbasov, AMEA-nın müxbir üzvləri - Bilal BilalovŞahbaz MuradovOktay QasımovƏminağa Sadıqov, professor Nazim İmanov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Daha sonra akademiyanın jurnallarının fəaliyyətinin təkmilləşdirilməsi, elmi səviyyəsi və aktuallığının yüksəldilməsi, nəşr prosesinin optimallaşdırılması məqsədilə bir sıra qərarlar qəbul olunub.

Tədbirdə AMEA-nın mühüm elmi nailiyyətləri haqqında məlumatların beynəlxalq elmi bazalara inteqrasiyasının genişləndirilməsi müzakirə edilib. Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bununla bağlı çıxış edərək son illərdə AMEA-da elmi əsaslara söykənən çoxsaylı konsepsiya və proqramların hazırlandığını, elmi reytinqin artırılması məqsədilə dünya ölkələrinin mütərəqqi təcrübəsinin öyrənilməsi sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

O, 2015-ci ildən etibarən akademiyanın alimlərinin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda nəşr olunan hər bir məqaləyə görə mükafatların nəzərdə tutulduğunu vurğulayıb.

Hazırda ölkə üzrə “Web of Science” bazasına 4-ü AMEA-nın olmaqla 8 elmi jurnalın daxil edildiyini deyən alim bu jurnalların yalnız riyaziyyat və kimya elmləri sahəsinə aid olduğunu bildirib. Qeyd edib ki, digər elm sahələrinə aid olan jurnalların da sözügedən bazalara daxil olması ölkənin elmi reytinqinin yüksəlməsi, dünya elm məkanına inteqrasiyası, elmin keyfiyyət göstəriciləri və rəqabət qabiliyyətliliyinə müsbət təsir göstərəcək.

Gənc alimlər üçün elmi-tədqiqat layihələrinin respublika müsabiqəsi haqqında da çıxış edən Ə.Sadıqov son illər AMEA-da gənc alimlərin elmi əməyini qiymətləndirmək, onları elmin qabaqcıl sahələrində daha uğurlu tədqiqatlar aparmağa həvəsləndirmək məqsədilə müxtəlif müsabiqələrin keçirildiyini deyib. Bildirib ki, müsabiqə çərçivəsində yüksək elmi göstəriciləri ilə fərqlənən gənclər mükafatlandırılıb. Eyni zamanda, elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə onlar AMEA-da yerinə yetirilən elmi-tədqiqat proqramlarının icrasına cəlb olunub.

O, bu işlərin davamı olaraq, respublikada aktual və müasir elmi problemlərin həlli ilə bağlı tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq vә onlara әlavә yaradıcılıq imkanları yaratmaq məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.

İclasda AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev çıxış edərək “AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması Qaydaları”nın təsdiq edilməsi haqqında məlumat verib. O, Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli iclasında “AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin torpaq sahəsindən daha səmərəli istifadə haqqında” müvafiq qərarın qəbul edildiyini diqqətə çatdırıb. Qərara əsasən, Kompleksin istifadəsində olan torpaq sahəsindən AMEA-nın bağçılıq-bostançılıqla məşğul olmaq istəyən əməkdaşlarına müvəqqəti istifadə üçün torpaq sahələrinin ayrılmasının nəzərdə tutulduğunu qeyd edib.

İclasın sonunda bir sıra kadr məsələlərinə də baxılıb, müzakirəyə çıxarılan mövzular ətrafında geniş müzakirələr aparılıb.

 

© www.science.gov.az