XƏBƏRLƏR
22:30, 01.12.2018
“Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib

Gəncədə “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar təsdiq olunan tədbirlər planına əsasən təşkil edilib.

Azərbaycan Dövlət Aqrar Universitetində baş tutan tədbiri bu təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov  açaraq elmi-praktiki konfransın əhəmiyyətindən danışıb. O, konfransa respublikanın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrindən akademik Cəlal Əliyevin apardığı fundamental araşdırmaların və elmi nailiyyətlərin müxtəlif aspektlərinə həsr olunan 100-dən çox məqalənin təqdim edildiyini bildirib.

Kənd təsərrüfatı naziri İnam Kərimovun təbriklərini konfrans iştirakçılarına çatdıran nazir müavini Seyfəddin Talıbov görkəmli alim Cəlal Əliyevin Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərinin müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında, buğdanın məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində rolundan danışıb.

Konfransın plenar iclasında AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad ƏliyevMolekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktor müavinləri - biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov və Natiq Allahverdiyev, həmin institutun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai və başqaları məruzələrlə çıxış ediblər.

Tədbir öz işini bölmələrdə davam etdirib. Konfransın yekununda Aqronomluq fakültəsində yaradılan akademik Cəlal Əliyev adına Bitki fiziologiyası laboratoriyasına baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.