XƏBƏRLƏR
23:11, 05.07.2018
AMEA Genetik Ehtiyatlar İnstitutunun ilə İran İslam Respublikasının Təbriz Universiteti arasında elmi əlaqələr qurulur

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və İnstitutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov İran İslam Respublikasında elmi ezamiyyətdə olmuşlar.

Bu müddətdə Təbriz Universiteti (TU) və Şimal-Qərbi Aqrar Biotexnologiya İnstitutunda (ŞQABİ) görüşlər keçirilmiş, birgə tədqiqatların aparılması və müxtəlif istiqamətlərdə elmi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilmişdir. Z.Əkpərov keçirilən görüşlərdə AMEA-nın elmi istiqamətləri və əldə olunmuş tədqiqat nəticələri haqqında həmkarlarına geniş məlumat vermişdir. TU Kənd təsərrüfatı fakultəsinin professorları ilə danışıqlar aparılmış, birgə kadr hazırlığı və elmi əməkdaşlıq istiqamətləri müəyyənləşdirilmiş, TU ilə AMEA arasında elm və təhsil məsələlərini əhatə edən anlaşma memorandumunun layihəsi hazırlanmışdır.

Daha sonra danışıqlar Universitetin tədqiqat və texnologiyalar üzrə vitse-prezidenti professor Asghar Asghari ilə davam etdirilmişdir. O, Azərbaycan Respublikasının bütün universitet və tədqiqat müəssisələri, xüsusən AMEA ilə əməkdaşlığa hazır olduqlarını bildirmiş, nəinki biologiya və aqrar elm, eləcə də fizika, kimya, yüksək texnologiyalar və s. sahələrdə əməkdaşlıq üçün böyük potensialın möcvudluğuna diqqət çəkmiş, müvafiq memorandum layihəsini və onun çərçivəsində planlaşdırılan birgə multidissiplinar tədqiqatların və kadr hazırlığının perspektivlərini yüksək qiymətləndirmişdir.

Həmçinin İran ŞQABİ-də də olduqca məhsuldar görüşlər keçirilmişdir. Burada İnstitutun direktoru Dr.Mohammad Amin Hejazi ilə ortaq elmi əməkdaşlığın perspektivləri müzakirə edilmiş, beynəlxalq layihələrdə iştirak və kadr hazırlığı məsələlərində birgə fəaliyyətlərlə bağlı razılıq əldə edilmişdir.

 

FOTO>>>

 

©  www.genres.az