XƏBƏRLƏR
19:19, 29.03.2018
AMEA Genetik Ehtiyatlar İnstitutunda tibb üzrə növbəti seminar keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda (GEİ) növbəti seminar keçirilmişdir.

Tədbirdə Londonun səhiyyə üzrə informasiya bazalarının dünya miqyaslı təqdimatçısı olan İnforma şirkətinin Baş Məsləhətçisi Dr.Günel Hüseynova çıxış etmişdir. Seminarın məqsədi GEİ-nin elmi işçi və tələbələrini G.Hüseynovanın Böyük Britaniyadakı səhiyyə üzrə elmi fəaliyyəti ilə tanış etmək, İnstitutun elmi strateji istiqamətləri haqda fikir mübadiləsi aparmaq və mümkün əməkdaşlıq sahələrini müəyyənləşdirmək olmuşdur.

G.Hüseynova 2000-2006-ci illərdə Tibb Universitetinin Əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Tibb Universitetinin Biokimya kafedrasında aspirantura səviyyəsində şəkərli diabet üzrə elmi tədqiqat aparmış və çoxsaylı məqalələrin müəllifi olmuşdur. Azərbaycanda Biologiya üzrə fəlsəfə elmləri namizədi ali dərəcəsi aldıqdan sonra Genetika sahəsinə çox marağı yarandığı üçün fəaliyyətini son 8 ildə Böyük Britaniyada davam etdirmişdir.

Günel Hüseynova Qlazqo Universitetində Tibbi Genetika Üzrə Magistr səviyyəsində Daun xəstəliyinin diaqnostikası üçün yeni Nəsil Sekvenserlərinin istifadəsi ilə bağlı tədqiqat aparmışdır. Tədqiqat nəticəsində yeni diaqnostik metodun xəstələrə və Böyük Britaniyanın Səhiyyə sistemi büdcəsinə yararlılığı müzakirə olunmuşdur. Bu diaqnostik metod bir neçə il sonra Britaniyanın bütün xəstəxanalarında istifadə olunmağa başlamışdır. Daha sonra G.Hüseynova Kembric Universitetinin Genetika kafedrasında PhD səviyyəsində irsi poliqlutamin xəstəliklərində yeni genlərin aşkar olunması üzrə tədqiqatla məşğul olmuş, Huntinqton xəstəliyinin patologiyasında rol oynayan 8 yeni gen kəşf etmişdir. Bu elmi-tədqiqat çox böyük həcmli bir layihənin başlanğıc mərhələsi olmuş və hal-hazırda tədqiqatın davamı kliniki mərhələdə davam etdirilir.

G.Hüseynova Londonda səhiyyəüzrə informasiya bazalarının dünya miqyaslı təqdimatçısı olan İnforma şirkətində Baş Məsləhətçi olaraq fəaliyyət göstərir və böyük əczaçılıq şirkətlərinə və səhiyyə sahəsinə milyonlarla investisiya qoyan müəssisələrə çox önəmli elmi-tədqiqat və biznes qərarlarının qəbul olunması sahəsində məsləhətlər verir.

Seminar zamanı Günel həmçinin BB-da öyrəndiyi elmi metodologiyaları seminar iştirakçıları ilə paylaşmış, genetika sahəsində baş verən son yeniliklər haqda məlumat vermış və genetikanın böyük əczaçılıq şirkətlərinin apardığı klinik tədqiqatların istiqamətinə təsirlərindən danışmışdır. Eyni zamanda seminarda BB universitetləri ilə GEİ arasında əməkdaşlıq əlaqələrinin yaradılması, tələbə mübadiləsi, gələcək seminar və vebinarların təşkili də müzakirə olunmuşdur.

 

 

FOTO>>>

 

©  www.genres.az