XƏBƏRLƏR
22:34, 18.01.2018
İnsan genetikası laboratoriyasına xaricdə təhsil almış gənclər cəlb ediliblər

Son illərdə insan genetikası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutu tərəfindən müəyyən işlər həyata keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə 2016-cı ildə institutda yaradılmış insan genetikası laboratoriyasına xaricdə tibbi genetika təhsili almış gənclər cəlb ediliblər. Qısa müddətdə insan genetikası sahəsində dünyanın bir çox elmi mərkəzləri ilə yanaşı, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası, akademik Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfuziologiya İnstitutu ilə əməkdaşlıq müqavilələri imzalanıb, birgə tədqiqatlara və kadr hazırlığına başlanılıb. Birgə əməkdaşlıq şəraitində, ilkin olaraq xərçəng xəstəlikləri üzrə polimorfizmin müəyyənləşdirilməsi, spesifik genlərin skrininqi və ekspresiyası üzrə metodlar optimallaşdırılıb, restriksiya əsaslı molekulyar markerlərdən istifadə etməklə ümumilikdə 45 xərçəng önü, 50 yoğun bağırsaq xərçəngi və 30 nəzarət qrupunda beş gen üzrə skrininq aparılaraq riskli gen allelləri (homozigot və ya heteroziqot) aşkarlanıb.

Bunu AZƏRTAC-a müsahibəsində Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-müxbir üzvü Zeynal Əkpərov deyib.

İnstitutun direktoru bildirib ki, bundan başqa, molekulyar tədqiqatlarla normal mədəaltı vəzi hüceyrələrində retinoid reseptorlarının və retinoik turşusunun ekspresiyasının mədəaltı vəzi xərçəngi hüceyrələri ilə müqayisədə yüksək olduğu sübuta yetirilib. Eyni zamanda, müəyyən edilib ki, mədəaltı vəzi xərçəngi hüceyrələrində bəzi genlərin (miR-27a, miR-27b, miR-9, miR10a və miR-10b) ekspresiyasının artması digər genlərin (RARα, RARβ, RXRα və RXRβ) aktivliyinin azalmasına təsir göstərmir. Hazırda dörd gənc ən müasir metodlardan istifadə etməklə süd vəzisi xərçəngi, neuroblastoma, ürək-qan damar sistemi xəstəlikləri, xroniki mieloid leykoz və dəri xəstəlikləri sahəsində fəlsəfə doktoru proqramı üzrə tədqiqat işi aparır. Tədqiqatlar Almaniyanın Bonn Universiteti, Münxen şəhərinin Universitet Klinikası, Türkiyə universitetləri və Azərbaycanın müvafiq tibb müəssisələrinin professor-tədqiqatçı heyəti ilə birgə həyata keçirilir. Bundan başqa, AMEA-da ilk dəfə insan genetikası üzrə magistratura yaradılıb, tədris proqramı Böyük Britaniyanın Qlazqo və Türkiyə universitetlərinin proqramları nəzərə alınmaqla hazırlanıb və dövlət imtahanından yüksək bal toplamış iki nəfər magistraturaya qəbul edilib. Hazırda magistraturada ən müasir fənlərin tədrisi aparılır və magistrantlar təcrübələrini ən yeni metodikalarla elmi-tədqiqat laboratoriyalarında yerinə yetirirlər. İnstitutun digər bir əməkdaşı ABŞ-ın ölkəmizdəki səfirliyinin “Fulbright” proqramının qalibi olub və ikiillik magistratura proqramı üzrə Minnisota Universitetinə ezam edilib. O, tibbin ən mühüm sahələrindən biri olan kök hüceyrələri üzrə ixtisaslaşır.

Alimin sözlərinə görə, respublikada tibbi genetika sahəsinin fundamental inkişafı və beynəlxalq elmi aləmə inteqrasiya üzrə atılan ən mühüm addımlardan biri gənc kadrların Nobel mükafatçılarının fəaliyyət göstərdiyi elmi mərkəzlərdə təhsilinin təşkil edilməsidir. Bu məqsədlə bir nəfər ikiillik post-doktorantura layihəsi çərçivəsində Çin Xalq Respublikasının Şencen Texnologiya Universitetinə, bir nəfər isə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü və dəstəyi ilə ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatçısı Əziz Sancarın laboratoriyasına ezam olunub. Aparılan ilkin razılaşmalara əsasən, gənc tədqiqatçıların genomiks və bioinformatika tədqiqatları ilə yanaşı, genom redaktəsi (CRISPR-Cas9 sistemi) üzrə tədqiqatlar sahəsində də ixtisaslaşması nəzərdə tutulub. “Xatırlatmaq istərdim ki, professor Əziz Sancar Azərbaycana səfəri zamanı “Genom redaktəsi” texnologiyasının yaxın gələcəkdə müalicə üsullarını tamamilə dəyişəcəyini və gen terapiyası sahəsində mühüm dəyişikliklərə səbəb olacağını qeyd edib. CRISPR (krisper) texnologiyası kistik fibroz, əzələ distrofiyası, hemofiliya və xərçəng kimi ən mürəkkəb xəstəliklərə səbəb olan defektli genləri korrektə etməyə imkan verməklə, müasir tibbi genetik tədqiqatlarda mühüm rol oynayır. Bu sahə 2015-ci ildə “Science” jurnalı tərəfindən ilin nailiyyəti kimi qiymətləndirilib və bütün inkişaf etmiş ölkələrin elm siyasətində əsas prioritetlərdən biri kimi diqqət mərkəzində saxlanılır”, - deyə institutun direktoru bildirib.

Qeyd edək ki, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu bitki genetik ehtiyatlarının toplanması, mühafizəsi, öyrənilməsi və səmərəli istifadəsi sahəsində ölkədə aparıcı və əlaqələndirici elmi-tədqiqat müəssisəsidir. İnstitutda müvafiq elm sahələri üzrə ən müasir maddi-texniki baza yaradılıb və hazırlıqlı kadr potensialı formalaşdırılıb. Mədəni bitkilərin və onların yabanı əcdadlarının, qiymətli, nadir, itməkdə və nəsli kəsilməkdə olan cinslərin, növlərin, aborigen sort və formaların, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin pasportlaşdırılması, toplanması, introduksiyası, bərpası, çoxaldılması və qiymətləndirilməsi üzrə elmi tədqiqatların aparılması Genetik Ehtiyatlar İnstitutunun əsas elmi istiqamətləri olaraq müəyyənləşdirilib.

 

 

https://azertag.az/xeber/1129394