İyulun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının ilk magistrlərinin Məzun günü keçirilib. Tədbirdə Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, respublikanın elm və təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiya magistrlərinin Məzun gününün AMEA tarixində əlamətdar hadisə olduğunu bildirib. AMEA-da magistraturanın 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə yaradıldığını xatırladan akademik ölkə başçısına, eyni zamanda Təhsil naziri və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Akademik qeyd edib ki, birinci qəbul ilində Akademiyanın magistraturasına 400-ə yaxın bakalavr müraciət etmiş və yekunda 9 ixtisas üzrə yüksək balla 19 tələbə qəbul olunmuşdur. Onlardan bir nəfərinin hərbi xidmətə yollandığını, 18 nəfərin isə təhsilini uğurla davam etdirib magistr adı aldığını diqqətə çatdırıb. A.Əlizadə məzunlardan 15 nəfərinin magistraturanı Fərqlənmə diplomu ilə bitirdiyini vurğulayıb.
AMEA rəhbəri bildirib ki, Akademiyanın magistraturasına böyük maraq olduğu üçün növbəti qəbul illərində ixtisas və plan yerlərinin sayı artırılıb: “2016/2017-ci tədris ilində AMEA-nın magistraturasına 18 ixtisas üzrə 56 nəfər qəbul olunub. Bu il isə 1700-dən çox bakalavr müraciət edib və son məlumata görə onlardan 67-si tələbə adını qazanıb. Gənclərin elmə, Akademiyaya marağının ildən-ilə artması bizim üçün sevindirici haldır. Gənclər özlərini elmdə sınamağa, tapmağa çalışırlar. Biz də öz növbəmizdə Akademiyada magistratura təhsilinin müasir səviyyədə qurulması və magistrantların peşəkar mütəxəssis kimi yetişmələri üçün daha yaxşı şərait yaratmağa çalışırıq”.
“Yaxşı alim yetişdirmək üçün keyfiyyətli təhsil vermək başlıca şərtdir” - deyən akademik Akif Əlizadə vurğulayıb ki, tələbələr AMEA-da müasir cihazlarla təchiz olunmuş laboratoriyalarda təcrübə keçməklə yanaşı, beynəlxalq təcrübələrdə də iştirak ediblər: “Müxtəlif elm sahələri ilə məşğul olan magistrantlar Dubna şəhərində (Rusiya) yerləşən Nüvə Tədqiqatları İnstitutunda, İtaliyada təcrübə keçiblər, Türkiyənin Hacəttəpə Univerisitetində təhsil alıblar, Sankt-Peterburq şəhərində Peterburq Nüvə Fizikası İnstitutu və “Kurçatovski institut” Elmi-Tədqiqat Mərkəzi tərəfindən keçirilən molekulyar biologiya və biofizika üzrə 18-ci Qış məktəbində iştirak ediblər. Eyni zamanda dünyanın bir sıra məşhur alimləri magistrantlar üçün mühazirələr oxuyub”.
Magistrantların sosial müdafiəsinin gücləndirilməsi üçün də əhəmiyyətli tədbirlərin həyata keçirildiyini deyən Akif Əlizadə onların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirmək məqsədilə Akademiyanın magistrantları arasında “Magistr-2017” müsabiqəsinin keçirildiyini xatırladıb. Eyni zamanda, magistrantların işlə təmin olunduqlarını, qrant layihələrinə cəlb edildiyini diqqətə çatdırıb.
Akademik Akif Əlizadə AMEA-nın Təhsil Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edərək, universitetlərdə yaradılmış SABAH qruplarında təhsil alan 200-dən çox, ümumilikdə 500-dən artıq tələbənin Akademiyanın elmi müəssisələrində təcrübəkeçmədə iştirak etdiklərini deyib. Akademiya rəhbəri bundan sonra da AMEA-nın elm və təhsilin inteqrasiyası istiqamətində fəaliyyətini davam etdirəcəyini və bu yöndə atılmış addımları dəstəkləyəcəyini deyib.
Çıxışının sonunda akademik Akif Əlizadə gənclərin çalışacağı sahələrdə layiqli kadrlardan olacağına əminliyini ifadə edərək, onları məzun olmaqları münasibətilə bir daha təbrik edib, gələcək elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Sonra çıxış edən Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə güclü elmi potensialın cəmləndiyi Akademiyada magistratura pilləsinin yaradılması ölkənin sosial-iqtisadi və mədəni inkişafına, biliklər cəmiyyətinin formalaşmasına yönələn mühüm addımlardandır. Ölkə başçısının “Qara qızılı insan kapitalına çevirməliyik” çağırışını xatırladan nazir AMEA-nın ilk magistlərinin buraxılış gününü olduqca əlamətdar hadisə adlandıraraq bu işdə əməyi olan alimlərə minnətdarlığını bildirib, məzunları təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək Məzun gününü tarixi hadisə adlandırıb və Azərbaycanda elm və təhsilin inteqrasiyasının uğurlu nəticəsi olduğunu vurğulayıb. Respublikanın ali elm ocağının ilk məzunlarını təbrik edən natiq dünyanın inkişaf etmiş ölkələrində güclü elmi məktəblərin, elmi ənənələrin mövcud olduğunu, elmin həyatın bütün sahələrinə daxil edildiyini bildirib, AMEA-da magistratura pilləsinin yaradılmasının ölkə elminə gələcəkdə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov AMEA-nın ilk məzunlarını təbrik edərək bu gün Milli Elmlər Akademiyasında daha bir uğura imza atıldığını bildirib: "İki il əvvəl ölkə rəhbərinin imzaladığı Sərəncam üzərində düşünərkən hər kəs bunun necə nəticələnəcəyini gözləyirdi. İndi isə Prezidentin Sərəncamına uyğun aparılan bu işin uğurla həyata keçirildiyinin şahidi olduq və bu gün biz uğurlu nəticələri qeyd etməyə toplaşmışıq. AMEA-da aparılan islahatlar öz bəhrəsini verir. İnanıram ki, bu elm qaranquşları gələcəkdə elmi məktəb yaradacaq, elmin inkişafına dəyərli töhfələr verəcəklər".
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxış edərək bildirib ki, bakalavriatura mərhələsində əsasən ümumi nəzəri biliklər alan tələbələrin magistraturada məqsədi biliklərini təcrübədə tətbiq etmək və qarşıya çıxan problemlərin həllini tapmaqdır. Dilqəm Tağıyev qeyd edib ki, AMEA-nın magistraturasını bitirən məzunların nailiyyətləri, onların müasir və perspektivli mövzulara həsr olunmuş dissertasiyalarının müdafiəsində yüksək bilik səviyyəsini əks etdirmələri ölkə başçısı İlham Əliyevin dəstəyi ilə AMEA-da magistraturanın təşkilinin uğurlu addım olduğunun sübutudur. Akademik elm və təhsilin inteqrasiyasında mühüm amil olan AMEA alimlərinin təhsil prosesinə, konkret olaraq magistratura təhsilinə daha geniş cəlb olunmasının ölkənin intelektual potensialının yüksəldilməsində müsbət rol oynayacağını söyləyib.
Daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova çıxış edib. Bildirib ki, son illər AMEA-da bir sıra islahatlar həyata keçirilir, elmlə təhsilin inteqrasiyası istiqamətində mühüm işlər görülür ki, bütün bunlar Azərbaycan elminin inkişafına təkan verən amillərdəndir. AMEA-da magistratura təhsilinin təşkilinin gənclərin elmi fəaliyyətə cəlb olunmasına böyük təkan verdiyini söyləyib.
Alim AMEA-nın magistraturasına Biologiya və Tibb Elmləri Bölməsi üzrə qəbul aparılan ilk ixtisasın molekulyar biologiya olduğunu bildirib. Qeyd edib ki, rəhbərlik etdiyi elmi qurumda bu il dörd nəfər məzun olub. İki il müddətində gənclər üçün institutda hər bir şəraitin yaradıldığını, xarici dil kurslarının təşkil olunduğunu, magistrantlar üçün xaricdən dəvət olunmuş tanınmış alimlər tərəfindən də dərslərin keçirildiyini diqqətə çatdırıb. Tələbələrin müxtəlif respublika və beynəlxalq dərəcəli konfranslarda iştirak etdiklərini deyən akademik onların elmi-tədqiqat işlərinin nəticələri əsasında impakt faktorlu jurnallarda elmi məqalələrin nəşr edildiyini vurğulayıb.
İ.Hüseynova Akademiyada magistratura təhsilinin yaradılmasının Azərbaycan elminin gələcək inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirərək məzunları təbrik edib, onlara bəşəriyyətin rifahına xidmət edən elmin inkişafı yolunda uğurlar diləyib.
Tədbirdə, həmçinin magistlərin elmi rəhbərləri çıxış edərək AMEA-da magistratura pilləsinin yaradılmasının elm və təhsilin inteqrasiyası, gənclərin elmə marağının artırılması istiqamətində atılmış uğurlu addım olduğunu bildiriblər. Magistrantların təhsil prosesində həvəslə iştirak etdiklərini vurğulayan natiqlər onları Məzun günü münasibətilə təbrik edib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistri Nigar İbrahimova və Dilçilik İnstitutunun magistri Aynur İmanova çıxış edərək AMEA-nın ilk məzunları adını daşımaqdan qürur hissi duyduqlarını, onlara olan ümidləri doğrultmağa çalışacaqlarını söyləyiblər. Yaradılan hər bir şəraitə görə Akademiya rəhbərliyinə təşəkkürünü bildirən məzunlar bundan sonra da elmi fəaliyyətlərini uğurla davam etdirmək üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildiriblər.
Tədbirin sonunda AMEA-nın məzunlarına diplomlar təqdim edilib.