XƏBƏRLƏR
16:39, 22.11.2016
AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru Belarus Respublikasında elmi ezamiyyətdə olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Biotexnologiya şöbəsinin İnsan genetikası qrupunun üzvü, kiçik elmi işçi Nigar Məmmədova Belarus Respublikasının Minsk şəhərində 4 günlük elmi ezamiyyətdə olmuşlar.

Ezamiyyətin əsas məqsədləri Belarus Milli Elmlər Akademiyasının institutlarında, xüsusən, Sitologiya və Genetika İnstitutunda (BSGİ) elmin kommersiyalaşdırılması sahəsində toplanmış böyük təcrübənin və bununla əlaqədar sənədləşdirmə işlərinin öyrənilməsindən, birgə aparılan elmi tədqiqat işlərinin gedişi, gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı müzakirələr aparmaqdan ibarət olmuşdur. Səfər çərçivəsində BSGİ və Belarus Kənd Təsərrüfatı Elmi-Praktiki Mərkəzində (KTEPM) görüşlər keçirilmişdir.

Səfər çərçivəsində pullu xidmətlər göstərən tədqiqat laboratoriyalarının akkreditasiya və sertifikasiyasına aid BSGİ-nin rəhbərliyi ilə geniş fikir mübadiləsi aparılmış, müvafiq sahədə əldə edilmiş təcrübə öyrənilmişdir. Həmçinin, elmin kommersiyalaşdırılması ilə bağlı bir sıra əlavə qeydlər götürülmüş və sənədlər əldə edilmişdir. Sitologiya və Genetika İnstitutu ilə bir neçə il əvvəl bağlanmış əməkdaşlıq müqaviləsinin müddəti uzadılmış və Belarus Milli Genbankı ilə əməkdaşlığa genetik material mübadiləsinə dair yeni müqavilə bağlanmışdır.

 

  

 

FOTO>>>

 

 

 ©  www.genres.az