XƏBƏRLƏR
14:52, 04.10.2016
AMEA Genetik Ehtiyatlar Institutunun direktoru nobel mükafatı laureatı Richard J. Robertsi qəbul etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun  direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün Bakıya dəvət olunmuş Fiziologiya və Tibb üzrə Nobel mükafatı laureatı Richard J. Robertsi qəbul etmişdir.

Görüş zamanı Z.Əkpərov institutun tarixi, strukturu, aparılan elmi tədqiqat işləri, institut alimlərinin elmin ən müasir istiqamətlərində əldə edilmiş nailiyyətləri haqqında məlumat vermiş, Azərbaycanda genetik ehtiyatlar sahəsində son dövrlər xüsusilə inkişaf etdirilmiş milli qanunvericilik, yeni idarəetmə sistemi və bu sistemə göstərilən dövlət dəstəyi haqqında söhbət açmışdır.

Qonaq alim institutun Milli Genbankı, şöbə və laboratoriyaları, xüsusən də Biotexnologiya şöbəsi, burada yaradılmış şərait, müasir elmi avadanlıqlar, gənc və istedadlı kadr potensialı, aparılan tədqiqatların səviyyəsi ilə tanışlıqdan məmnun qaldığını ifadə etmişdir.  

R.J.Roberts institutun akt zalında “Mikrob metiloması” mövzusunda elmi seminar vermiş, institut alimlərinin çoxsaylı suallarını cavablandırmışdır.

         Qeyd edək ki, Richard John Roberts (1943-cü il təvəllüdlü) (SFR-Kral Cəmiyyətinin Əməkdaşı) molekulyar bioloq və biokimyaçıdır. O, Phillip Allen Sharp ilə birlikdə 1993-cü ildə fiziologiya və ya tibb sahəsində eukariot DNT-də intronları və splaysinqin mexanizmini kəşf etmişdir. O, Şeffild Universiteti, New England Biolabs, Cold Spring Harbor Laboratory və Harvard Universiteti kimi müəssisələrdə çalışmışdır. Hal-hazırda New England Biolabs şirkətində baş elmi işçi vəzifəsini icra edir.

         O, 1972-ci ildə ikinci növ kəsici fermentlər üzərində işə başlamış və bir neçə il sonra 100-dən artıq restriksiya fermentlərini kəşf etmişdir. Eyni zamanda adenovirus-2 genomunu sekans (35937 nukleotiddən ibarət) etmişdir. O, genomun nukleotid ardıcıllığının oxunması üzrə həyata keçirilmiş müxtəlif proyektlərin icraçısı olmuş, onun tərəfindən bu sahədə istifadə olunan kompüter metodlarının tətbiqi genişləndirilmişdir. Beləliklə, onun rəhbərlik etdiyi laboratoriya kompüter texnologiyasının tətbiqi əsasında genomun nukleotid ardıcıllığının oxunulmasında pioner rolunu oynamış, DNT və zülal ardıcıllıqlarının kompüter üsulları əsasında analiz olunması istiqamətində bir çox böyük tədqiqatlara fokuslaşmışdır.

Hazırda o, prokariot genomunun funksional annotasiyası ilə bağlı COMBREX layihəsinin liderlərindən biridir.

         Görüş zamanı birgə elmi əməkdaşlıq imkanları müzakirə edilərək, elmi əlaqələrin qurulması qərara alınmışdır.