15:27, 26.05.2026
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 26 may 2026-cı il tarixində növbəti elmi seminar təşkil olunmuşdur. Seminar çərçivəsində institutun Tərəvəz və bostan bitkiləri şöbəsinin elmi işçisi Babək Şahmurad Muğanlu “Müasir kənd təsərrüfatı araşdırmalarında təcrübi dizaynların rolu və perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzədə müasir kənd təsərrüfatı tədqiqatlarında statistik metodların tətbiqi, təcrübi dizaynların əhəmiyyəti və onların elmi nəticələrin dəqiqliyinə təsiri barədə ətraflı məlumat təqdim olunmuşdur. Bildirilmişdir ki, kənd təsərrüfatında əldə olunan nəticələrin etibarlılığının artırılması, məhsuldarlığın obyektiv qiymətləndirilməsi və seleksiya işlərinin səmərəli təşkili baxımından statistik üsulların tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Çıxış zamanı eksperimental səhvlərin minimuma endirilməsi və uyğun statistik modelin seçilməsinin aparılan tədqiqatların keyfiyyətinə birbaşa təsir göstərdiyi diqqətə çatdırılmışdır. Vurğulanmışdır ki, düzgün təcrübi dizaynın qurulması elmi nəticələrin obyektivliyinin təmin edilməsində əsas amillərdən biridir.
Seminar çərçivəsində müxtəlif təcrübi dizaynların müqayisəli təhlili aparılmış, onların üstünlükləri, tətbiq imkanları və dəqiqlik səviyyələri barədə məlumat verilmişdir. Eyni zamanda statistik modellərin işləmə prinsipləri və müasir analiz metodlarının tətbiqinə dair nümunələr nümayiş etdirilmişdir.
Sonda qeyd olunmuşdur ki, düzgün eksperimental dizayn tədqiqat nəticələrinin etibarlılığına birbaşa təsir göstərir, statistik modelin düzgün seçilməsi isə elmi nəticələrin obyektiv qiymətləndirilməsində mühüm rol oynayır.
Seminar iştirakçıları ilə fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.