XƏBƏRLƏR
16:33, 12.06.2025
Genetik Ehtiyatlar İnstitutu ilə Bingöl Universiteti arasında əməkdaşlıq əlaqələri genişləndirilir
AR ETN Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Türkiyənin Bingöl Universiteti (BU) arasında strateji əməkdaşlıq qurulması məqsədilə 12 iyun 2025-ci il tarixində BU-nun rektoru Prof. Dr. Erdal Çelik, rektor müavini Prof. Dr. Abdurrahman Gül və Arıçılıq Araşdırma, İnkişaf və Tətbiq Mərkəzinin müdiri Dr. Davut Karahan ilə birlikdə GEİ-də qonaq olmuşlar.
Bu səfər Türkiyə ilə Azərbaycan arasında akademik əlaqələrin gücləndirilməsi və ortaq tədqiqat sahələrinin müəyyənləşdirilməsi baxımından strateji addım kimi qiymətləndirilmişdir.
GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov və institutun nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşdə bitki və heyvan genetikası, bioloji müxtəlifliyin qorunması, biotexnologiya və beynəlxalq layihələrdə tərəfdaşlıq kimi mövzular müzakirə edilmişdir.
Həmçinin yerli və endemik bitki növləri üzərində, xalq seleksiyası və brend sort və formaların genetik ehtiyatları sahəsində birgə tədqiqatlar, yerli arı cinslərinin müqayisəsi və xəstəliklərə davamlı xətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Görüşlər zamanı Türk Dövlətləri arasında “Genetik Məlumat Şəbəkəsi”nin yaradılması təşəbbüsü də irəli sürülmüşdür. Bu şəbəkə vasitəsilə regional genetik resurslar üzrə məlumat bazalarının formalaşdırılması, ortaq beynəlxalq fondlara layihə müraciətləri və tədqiqatçı mübadiləsi proqramlarının planlaşdırılması barədə fikir mübadiləsi aparılmışdır. Tərəflər elmi potensialın birləşdirilməsinin yalnız universitetlərə deyil, həm də regionun davamlı inkişafına töhfə verəcəyini vurğulamış və imzalanması planlaşdırılan elmi əməkdaşlıq sazişinin genetik ehtiyatların qorunması, molekulyar səviyyədə analizlər, bioinformatika metodları və birgə layihə müraciətlərini də əhatə edəcəyini bildirmişlər.
Səfər çərçivəsində qonaqlar İnstitutun Milli Genbankı və Rüşeym plazması laboratoriyası ilə tanış olmuşlar. İnstitutun texniki imkanlarının və elmi-tədqiqat infrastrukturunun müasir və yüksək səviyyədə olduğunu, bu imkanların gələcəkdə Bingöl Universiteti ilə həyata keçiriləcək ortaq elmi layihələrdə effektiv şəkildə istifadə edilə biləcəyini də qeyd etmişlər.