XƏBƏRLƏR
11:14, 24.01.2023
ETN-nin Genetik Ehtiyatlar İnstitutu və Özbəkistanın Bitki Eksperimental Biologiyası və Genetika İnstitutu arasında əməkdaşlıq sazişi imzalandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Səmərqənddə 2022-ci il 11 noyabr tarixində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Türk dövlətləri arasında əlaqələrin daha da inkişaf etidirilməsi və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti ilə bağlı çıxışında milli maraqların nəzərə alınmasını, qarşılıqlı dəstək və həmrəylik göstərilməsinin vacib olduğunu bildirməsini, iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın fəallaşdırılması ilə bağlı müraciətini, habelə Azərbaycan-Özbəkistan əlaqələrinin daha yüksək səviyyəyə qalxmasının xüsusi olaraq vurğulamasını nəzərə alan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu (GEİ) Özbəkistanın Bitki Eksperimental Biologiyası və Genetika İnstitutu (BEBGİ) ilə Birgə Əməkdaşlıq haqqında Saziş imzalayıb. Sazişi GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov və digər tərəfdən BEBGİ-nin direktoru professor Abdujalil Nərimanov imzalayıb. Təhsil və elmi tədqiqat, nəşrlər və məlumatların mübadiləsi, işgüzar görüşləri, texniki yardımı, tələbə mobilliyini, birgə elmi nailiyyətləri təşviq etmək sahəsində meyarları özündə ehtiva edən Sazişin tərəflər arasında əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyi istisna olunmur. Saziş online qaydada imzalanmışdır.