MAHMUDOV RAFAİL UMUD OĞLU

Biologiya üzrə fəlsəfə doktoru

 

E-mail: rafailmahmudov@rambler.ru

             

 

 

 


Rafail Umud oğlu Mahmudov Azərbaycan Respublikasının Ucar rayonunun Qüləbənd kəndində 07.07.1955-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin kimya fakultəsini 1977-ci ildə bitirmiş və 1977-2000-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik institutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri, baş direktorun müavini vəzifələrində işləmişdir. Moskva şəhərində yerləşən  K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında “biokimya” ixtisası üzrə 1986-ci ildə “Becərmə şəraitindən asılı olaraq buğda dəninin zülal kompleksinin öyrənilməsi ” mövzusunda   dissertasiya işini müdafiə edərək biologiya elmləri alimlik dərəcəsini almış  və 1993-cü ildə isə “bitki fiziologiyası” baş elmi işçi diplomuna layiq görülmüşdür.

R.U.Mahmudov Dünya Bankının “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi” Layihəsinin Elmi Sistemin İslahatı  və Müsabiqəli Qrantlar  komponenti üzrə Katiblikdə müşavir (2000 – 2006), Bakı Taxıl Terminalı İdarə Heyyətinin sədri (2006 -2008), Asadov Capital Azərbaycan MMC-nin direktoru (2008-2017), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində bitkiçiliyin təşkili və monitorinqi şöbəsində sektor müdirinin müavini və sektor müdiri vəzifələrində (2017-2021)  işləmişdir.

 İşlədiyi müddətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin  Əkinçilik Elmi-Tədqiqat İnstitutunun seleksiya proqramlarında icraçı olaraq iştirak etmişdir. Rayonlaşmış 6 buğda, bir tiritikale, bir qarğıdalı sortunun həmmüəllifidir. Apardığı  fizioloji-biokimyəvi elmi tədqiqatlarının nəticələri Türkiyədə, Macarıstanda, İsveçrədə, Rusiyada və digər xarici ölkələrdə Beynəlxalq konfransların materialları toplusunda dərc edilmişdir. Yeni tədqiqat metodlarını öyrənmək üçün Meksikada  Beynəlxalq Seleksiya Mərkəzində , Moldova Elmlər Akademiyasında, K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında, Ümumrusiya Bitkiçilik İnstitutunda ixtisasartırma və  təkmilləşmə kursları keçmişdir.

Rafail Mahmudov aidiyyatı elmi tədqiqat institutlarında işlənib hazırlanmış və müsabiqə əsasında qəbul edilmiş səmərəli texnologiyaların fermer istehsal təsərrüfatlarında tətbiqinin həyata keçirilməsi üçün respublikanın müxtəlif bölgələrində ətraf mühitin qiymətləndirilməsi, statistik məlumatların toplanması və bunların əsasında müəyyənləşdirilmiş prioritet istiqamətlərə  uyğun layihə təkliflərinin qiymətləndirilməsi, müvafiq layihələrin hazırlanması, icra olunması, idarə edilməsi, monitorinqlərin aparılmasında və informasiya idarəetmə sisteminin hazırlanmasında yaxından iştrak etmişdir. ABŞ-da (1999), Türkiyədə (2001), Rumıniyada (2002), Xorvatiyada (2001), Gürcüstanda (2004), Macarıstanda (2005)  Beynəlxalq tədbirlərdə adıgedən mövzularda  təlim keçmişdir.

Mərkəzi icra hakimiyyəti qurumlarında fəaliyyət göstərdiyi müddətlərdə Beynəlxalq elm mərkəzlərlə (CİMMYT, İCARDA, FAO, İPGRİ , CGİAR) əlaqələrin yaradılmasında və müvafiq layihələrin həyata keçirilməsində yaxından iştirak etmiş və aidiyyatı subyektlərə əməli köməklik göstərmişdir.

Rafail Mahmudov Azərbaycanın ayrı-ayrı iqtisadi rayonlarında taxılın və digər müxtəlif kənd təsərrüfatı bitkiçilik məhsullarının saxlanması üçün anbarların və soyuducu kameraların şəbəkəsinin yaradılması, onların iş rejimlərinin islənib hazırlanması, tətbiqi, səmərəli saxlama və  realizasiyası mexanizmlərinin hazırlanması üçün tövsiyələr vermişdir.

            B.ü.f.d. Rafail Mahmudovun  işlədiyi müddətdə 80-dən çox elmi əsəri, iki monoqrafiyası, tövsiyyə və təklifləri çap olunmuşdır. O, 2021-ci ildən AMEA Genetik Ehtiyatlar İnstitutunun rəhbərlikdə təmsil olunan baş meneceri və Elmi Şurasının üzvüdür.