17:24, 12.05.2026
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 12 may 2026-cı il tarixində növbəti elmi seminar təşkil olunub. Seminar çərçivəsində İnstitutun Meyvə bitkiləri şöbəsinin kiçik elmi işçisi Zərxara Hüseynzadə “İnnab sortlarının pomoloji və fenoloji xüsusiyyətləri, müqayisəli interpretasiya və istifadə perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə innab bitkisinin mənşəyi, bioloji xüsusiyyətləri, Azərbaycanda becərilən Azərbaycan, Şirvan, Tayan-tszao, Xurmayı, Azəri, Xəzəri və Nəsimi sortları, eləcə də onların inkişaf mərhələləri və istifadə istiqamətləri barədə ətraflı məlumat verilib.
Aparılan müşahidələr nəticəsində hava şəraitinin bitkinin fenoloji ritminə ciddi təsiri səbəbindən bir çox sortlarda yarpaq tumurcuqlarının açılması 2025-ci illə müqayisədə təxminən 10–15 gün daha erkən baş verməsi müəyyən edilib və əsas səbəb kimi 2025-ci ilin yaz aylarında müşahidə olunan yüksək yağıntı və temperaturun nisbətən aşağı keçməsi ilə əlaqədar olması göstərilib. R proqram vasitəsilə aparılan klaster analizi nəticəsində ən uzaq və yaxın genotiplər seçilməsi barədə məlumat verilib.
Məruzəçi innabın yalnız elmi-tədqiqat baxımından deyil, həm də praktik istifadə imkanlarına görə mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bu bitkinin qida sənayesində geniş tətbiq olunduğunu, təzə halda istehlak edilməklə yanaşı, qurudulmuş məhsul, şirə, kompot, mürəbbə və çay hazırlanmasında da istifadə edildiyini bildirib.
Məruzədə innabın kənd təsərrüfatı üçün əhəmiyyətli üstünlükləri kimi, quraqlığa, temperatur dəyişkənliyinə davamlılığı, torpaq şəraitinə az tələbkarlığı və müxtəlif iqlim şəraitinə yüksək adaptasiya qabiliyyəti onun seleksiya və introduksiya istiqamətlərində perspektivli bitki növü kimi dəyərləndirilməsinə zəmin yaratması da diqqətə çatdırılıb.
Seminar iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında fikir mübadiləsi ilə başa çatıb.