17:03, 10.03.2026
Qərbi Kaspi Universitetinin tələbələri Genetik Ehtiyatlar İnstitutunda istehsalat təcrübəsi keçirlər.
AR ETN Genetik Ehtiyatlar İnstitutunda Qərbi Kaspi Universitetinin biologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün istehsalat təcrübəsi təşkil olunub.
Təcrübə çərçivəsində tələbələr institutun Biokimyəvi genetika və texnologiya, Fizioloji genetika, Tərəvəz və bostan bitkiləri şöbələri, həmçinin Rüşeym plazması və İnsan genetikası laboratoriyalarının fəaliyyəti ilə tanış olublar. Onlara bu struktur bölmələrində aparılan elmi-tədqiqat işləri, tətbiq olunan müasir laboratoriya metodları, eləcə də istifadə olunan cihaz və avadanlıqlar barədə məlumat verilib.
Eyni zamanda tələbələrə əldə olunan elmi nəticələrin istehsalatda tətbiqi və onların praktiki əhəmiyyəti barədə izahlar təqdim olunub. Tələbələr Milli Genbankda bitki genetik ehtiyatlarının toplanması, mühafizəsi və səmərəli istifadəsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə də yaxından tanış olublar.
Təcrübə proqramının növbəti mərhələlərində tələbələrin institutun digər şöbə və laboratoriyalarında da praktiki bilik və bacarıqlarını artırmaları, müxtəlif elmi istiqamətlər üzrə təcrübə qazanmaları nəzərdə tutulur.