XƏBƏRLƏR
12:16, 24.02.2026
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilib
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 24 fevral 2026-cı il tarixində AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmovun “İribuynuzlu heyvanların bəzi anomaliyaları və xəstəliklərinin etiologiyasında seleksiya–genetik və ekoloji amillərin rolu” mövzusunda elmi seminarı keçirilib.
Seminarda iri buynuzlu heyvanlarda müşahidə olunan anomaliya və xəstəliklərin yaranma səbəbləri geniş elmi əsaslarla təhlil olunub, seleksiya prosesinin, genetik faktorların və ekoloji amillərin qarşılıqlı təsir mexanizmləri izah edilib və bu amillərin heyvandarlıqda sağlam nəslin formalaşmasına təsiri diqqətə çatdırılıb.
S. Məhərrəmov qeyd edib ki, intensiv seleksiya və süni mayalandırma prosesləri bəzi hallarda populyasiyada gizli genetik qüsurların yayılmasına səbəb ola bilər. Bu baxımdan damazlıq işində genetik nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, anomaliyalar genetik, irsi-ekoloji və ekzogen amillər üzrə təsnif edilir. Xromosom dəyişiklikləri, eləcə də letal və subletal genlər embrional inkişafın pozulmasında və irsi qüsurların formalaşmasında mühüm rol oynayır. Məruzəçi konkret elmi faktlar və tədqiqat nəticələri əsasında bu mexanizmləri izah edib, profilaktik tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.
Seminar müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.