18:07, 27.10.2025
Gdown1 geninin RNT transkripsiyasındakı rolu
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 27 oktyabr 2025-ci il tarixində “Gdown1 geninin RNT transkripsiyasındakı rolu” mövzusunda elmi seminar keçirilmişdir. Tədbirdə İnstitutun Biokimyəvi genetika və texnologiya şöbəsinin kiçik elmi işçisi Nəbiyeva Aytac çıxış etmişdir.
Məruzəçi Gdown1 geninin RNT polimeraza II ilə qarşılıqlı əlaqəsini, onun transkripsiya prosesindəki funksiyasını, stress şəraitində aktivlik dərəcəsini və hüceyrə daxilində fəaliyyət sahəsini ətraflı şəkildə təqdim etmişdir.
A.Nəbiyeva qeyd etmişdir ki, genlərin ekspressiyasını və “açılıb-bağlanmasını” idarə edən mexanizmlərin bir hissəsi hələ də tam öyrənilməmişdir. Gdown1 isə bu mexanizmlərin az tədqiq edilmiş, lakin böyük potensiala malik vacib halqalarından biridir. Bu genin fəaliyyətində yaranan pozuntular hüceyrələrin stressə qeyri-adekvat cavab verməsinə, genlərin yanlış vaxtda aktivləşməsinə və nəticədə nəzarətsiz hüceyrə bölünməsi, xərçəng və sinir sistemi pozuntuları kimi ağır nəticələrə səbəb olabilər.
Sonda gənc alim seminar iştirakçılarının suallarını cavablandırmış, tədqiqatın nəticələri geniş müzakirə olunmuşdur.