NEWS
15:07, 03.03.2026
Genetik Ehtiyatlar İnstitutunda növbəti elmi seminar keçirilib
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 3 mart 2026-cı il tarixində Molekulyar sitogenetika şöbəsinin kiçik elmi işçisi Rəhim Rəhimovun “Buğdanın yadcinsli amfiploidlərinin sitogenetik və seleksiya əhəmiyyəti” mövzusunda seminarı keçirilib.
Seminarda buğdanın yadcinsli amfiploid formalarının sitogenetik xüsusiyyətləri geniş şəkildə təhlil olunub. Xromosom uyğunluğu, homoloji və qeyri-homoloji konyuqasiya prosesləri, eləcə də genomlararası qarşılıqlı təsirin öyrənilməsinin elmi əhəmiyyəti diqqətə çatdırılıb. R. Rəhimov qeyd edib ki, bu istiqamətdə aparılan tədqiqatlar meyoz sabitliyinin, xromosom rekombinasiyasının və mümkün struktur dəyişikliklərin qiymətləndirilməsi baxımından mühüm nəticələr verir.
Məruzəçi seleksiya aspektinə də xüsusi toxunaraq bildirib ki, yadcinsli amfiploidlər xəstəliklərə davamlılıq, abiotik stres amillərinə dözümlülük və yüksək məhsuldarlıq kimi təsərrüfat baxımından qiymətli əlamətlərin yeni buğda sortlarına ötürülməsində etibarlı genetik mənbə rolunu oynayır.
Seminar müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.