20:52, 11.11.2026
İnstitut əməkdaşının məqaləsi Q2 kateqoriyalı jurnalda dərc olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun doktorantı Fərqanə Gülmalıyeva tərəfindən “Genetic diversity of Azerbaijani garlic (Allium sativum L.) germplasm resources: Phenological, agromorphological, and biochemical investigation” adlı məqalə Asiya və Okeaniyada Seleksiya Tədqiqatlarının İnkişafı Cəmiyyəti (SABRAO) tərəfindən nəşr olunan və həm Scopus, həm də Web of Science (Emerging Sources Citation Index) beynəlxalq elmmetrik bazalarında indekslənən nüfuzlu SABRAO Journal of Breeding and Genetics jurnalında dərc olunub (Scopus CiteScore: 2.6, SJR kvartili: Q2).
Məqalə kənd təsərrüfatı bitkilərinin genetik ehtiyatlarının mühafizəsi və seleksiyasının mühüm istiqamətlərindən biri olan yerli və introduksiya olunmuş sarımsaq genotiplərinin kompleks qiymətləndirilməsinə həsr edilmişdir. Tədqiqat çərçivəsində 26 sarımsaq genotipi fenoloji, aqromorfoloji və biokimyəvi əlamətlər əsasında hərtərəfli araşdırılmışdır. Dispersiya analizi genotiplər arasında məhsuldarlıq (16,9–69,1 t/ha), vegetasiya müddəti, soğanağın morfoloji göstəriciləri (diametr, kütlə, dişlərin çəkisi) və biokimyəvi xüsusiyyətlər (şəkər və nitrat miqdarı) üzrə statistik cəhətdən əhəmiyyətli fərqlərin olduğunu təsdiqləmişdir.
Bununla yanaşı, tətbiq olunan çoxölçülü statistik analizlər (əsas komponentlər və klaster analizləri) nümunələrin ümumi fenotipik müxtəlifliyinin 81,09%-ni izah etməyə, genotipləri tezyetişən, orta vegetasiyalı irisoğanaqlı və gecyetişən yüksəkməhsuldar qruplar üzrə təsnifləşdirməyə imkan vermişdir.
Tədqiqatın nəticələri aqrobiomüxtəlifliyin qorunması, bitki genetik ehtiyatlarının səmərəli idarə olunması və müasir seleksiya proqramlarının elmi əsaslarla qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Əldə edilmiş elmi məlumatlar gələcəkdə Azərbaycanın torpaq-iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa, keyfiyyətli əmtəə görünüşünə və yaxşılaşdırılmış dad-biokimyəvi göstəricilərə malik yeni sarımsaq sortlarının yaradılması işinə mühüm töhfə verəcəkdir.