НОВОСТИ
15:09, 08.10.2026
Genetik Ehtiyatlar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İclasda institutun fəlsəfə doktoru hazırlığı üzrə qiyabi doktorantı Azadə Şahmuradovanın dissertasiya mövzusunun və elmi rəhbərinin təsdiq edilməsi məsələsinə baxılıb.
Daha sonra dissertant Şəfəq Qarayevanın dissertasiya mövzusunun dəyişdirilməsi məsələsi müzakirə olunub.
İclasda, həmçinin AMEA-nın müxbir üzvü İlham Şahmuradov tərəfindən hazırlanmış “Genetika” ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanının proqramı müzakirə edilərək təsdiq olunub.
Elmi Şuranın iclasında “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində müsahibə mərhələsinin şəffaf, obyektiv və yüksək peşəkarlıqla həyata keçirilməsinə verdikləri töhfəyə görə institutun əməkdaşları – AMEA-nın müxbir üzvü İlham Şahmuradov və texnika üzrə fəlsəfə doktoru Bayram Bayramova AR ETN Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən təqdim edilmiş Təşəkkürnamələr təqdim olunub.
Sonra Texniki və yem bitkiləri şöbəsinin müdiri, b.ü.f.d. Rühəngiz Məmmədovanın Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilmiş “Mərkəzi Asiyada iqlimədavamlı kənd təsərrüfatında qadınların liderliyinin inkişaf etdirilməsi” regional seminar-təlimində iştirakı ilə bağlı hesabatı dinlənilib.
Həmçinin Texniki və yem bitkiləri şöbəsinin elmi işçisi Orxan Bayramlının Pakistan İslam Respublikasının Lahor şəhərində keçirilmiş “İqlimədavamlı kənd təsərrüfatı üçün genom redaktəsi və bitki biotexnologiyası potensialının gücləndirilməsi” mövzusunda beynəlxalq təlim proqramında iştirakı haqqında hesabatı təqdim olunub.
İclasın sonunda gündəlikdə duran sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.