НОВОСТИ
09:28, 28.09.2026
Genetik Ehtiyatlar İnstitutun əməkdaşı Özbəkistanda regional seminar-təlimdə iştirak edib
15–17 sentyabr 2026-cı il tarixlərində Texniki və yem bitkiləri şöbəsinin müdiri, dosent Rühəngiz Məmmədova Özbəkistanın Daşkənd şəhərində keçirilən “Mərkəzi Asiyada iqlimədavamlı kənd təsərrüfatında qadınların liderliyinin inkişaf etdirilməsi” adlı regional seminar-təlimdə iştirak edib.
*Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz* (ICBA) tərəfindən İslam İnkişaf Bankının (IsDB) dəstəyi ilə təşkil olunan tədbirdə Azərbaycan və Mərkəzi Asiya ölkələrindən 22 qadın mütəxəssis iştirak edib.
Üç gün davam edən seminar çərçivəsində iqlimədavamlı kənd təsərrüfatı, qadınların aqrar sahədə liderliyi, toxum sistemləri, məhsulların dəyər zənciri, bazarlara çıxış, sahibkarlıq və aqrar tullantıların idarə olunması mövzularında təqdimatlar və praktiki məşğələlər keçirilib.
Seminarda əldə olunan bilik və təcrübələr iqlim dəyişmələrinə davamlı bitki genetik ehtiyatlarının seçilməsi və səmərəli istifadəsi, toxum sistemlərinin inkişafı, genetik ehtiyatların aqrar dəyər zəncirinə inteqrasiyası və elmi nəticələrin praktik tətbiqi baxımından İnstitutun fəaliyyətinə töhfə verəcək.
Tədbir çərçivəsində yaradılmış peşəkar əlaqələrin ICBA və region ölkələrinin müvafiq qurumları ilə birgə tədqiqat, təcrübə mübadiləsi və beynəlxalq layihələr üzrə əməkdaşlığın genişləndirilməsinə imkan yaradacağı gözlənilir.