17:12, 20.07.2026
Yaponiya alimləri Genetik Ehtiyatlar İnstitutunda elmi səfərdə olublar.
Yaponiya Milli Kənd Təsərrüfatı və Qida Tədqiqatları Təşkilatının (NARO) və Tokio Kənd Təsərrüfatı Universitetinin nümayəndələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmi səfərdə olublar.
Səfərdə Tokio Kənd Təsərrüfatı Universitetinin professoru İrie Kenji, NARO-nun qrup rəhbəri Yamaguchi Hirotaka və tədqiqatçısı Hosoi Ryosuke iştirak ediblər.
Görüşdə bitki genetik ehtiyatlarının qorunması və idarə olunması sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə elmi ekspedisiyaların təşkili, tərəvəz bitkiləri və onların yabanı qohumlarının genetik ehtiyatlarının toplanması, eləcə də gələcək birgə layihələrin icrası müzakirə olunub.
Tərəflər Azərbaycanın müxtəlif bölgələrində birgə ekspedisiyaların keçirilməsi, genetik materialların toplanması və mütəxəssis mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər.
Qeyd olunub ki, əməkdaşlıq bitki genetik ehtiyatlarının zənginləşdirilməsinə, beynəlxalq elmi əlaqələrin inkişafına və yerli mütəxəssislərin elmi potensialının artırılmasına mühüm töhfə verəcək.