НОВОСТИ
15:39, 10.03.2026
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilib.
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 10 mart 2026-cı il tarixində Mərkəzi Məlumat Bazasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru İlhamə Mirzəliyevanın “Mərkəzi Məlumat Bazası İnformasiya sisteminin beynəlxalq bazalara inteqrasiyasi – GENESYS, GGCE” mövzusunda seminarı keçirilib.
Seminar Milli Genbankın Mərkəzi Məlumat Bazası İnformasiya sisteminin beynəlxalq platformalarla inteqrasiyası prosesinə həsr olunub. GGCE (GRİN Global GRIN-Global: İcma Buraxılışı) və Genesys platformaları vasitəsilə məlumatların beynəlxalq şəbəkəyə ötürülmə mexanizmi barədə ətraflı məlumat verilib.
Məruzə zamanı məlumatların standartlaşdırılması, pasport deskriptorlarının platformaların formatına uyğunlaşdırılması, eləcə də məlumatların GGCE sistemi vasitəsilə sinxronizasiyası və Genesys portalında qlobal səviyyədə əlçatanlığının təmin olunması prosesləri barədə məlumat verilib. Bununla yanaşı, Genesys platformasından istifadə qaydaları barədə video təqdimat nümayiş etdirilib və Genesys-in veb səhifəsində bitki genetik ehtiyatlarına aid səciyyələndirmə məlumatlarının axtarışı, onlara baxış və istifadə imkanları haqqında geniş izah verilib.
İ. Mirzəliyeva qeyd edib ki, beynəlxalq informasiya sistemlərinə inteqrasiya Milli Genbank kolleksiyalarının elmi-tədqiqat və seleksiya proqramlarında istifadəsinin genişlənməsinə şərait yaradır.
Seminar mövzusu ətrafında verilən müxtəlif suallar cavablandırılıb.