НОВОСТИ
18:56, 12.02.2026
Türkiyə Respublikasının alimləri Genetik Ehtiyatlar İnstitutunu ziyarət ediblər
12 fevral 2026-cı il tarixində Balıkesir Universitetinin Necatibey Təhsil Fakültəsinin Biologiya Təhsili kafedrasının əməkdaşı, professor Dr. Tuncay Dirmenci və professor Dr. Bayram Yıldız Genetik Ehtiyatlar İnstitutunu ziyarət ediblər.
Alimlər “Türkiyənin İllüstrasiyalı Florası” nəşri çərçivəsində apardıqları elmi tədqiqatlarla əlaqədar olaraq ölkəmizdə səfərdədirlər. Səfərin məqsədi Azərbaycan və region florasına aid herbarium nümunələri üzərində araşdırmalar aparmaq, eləcə də mövcud taksonomik problemlərin həllinə töhfə verməkdir.
Qonaqlar səfər çərçivəsində institutun herbarium fondu ilə yaxından tanış olmuş, xüsusilə Lamiaceae və digər fəsilələrə aid nümunələr üzərində araşdırmalar aparmışlar. Herbariumda saxlanılan Azərbaycan və Qafqaz
florasına aid materiallar alimlər tərəfindən ətraflı tədqiq edilmiş, bir sıra taksonomik məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüş zamanı gələcək elmi əməkdaşlıq imkanları və birgə tədqiqat perspektivləri də müzakirə olunmuşdur. Səfərin mədəni bitkilərin yabanı əcdadlarının sistematikası sahəsində elmi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyi qeyd edilmişdir.