НОВОСТИ
11:34, 21.11.2025
İnstitutun əməkdaşları Mərakeşdə keçirilən Genbank təlimində iştirak ediblər
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Milli Genbankın Mərkəzi Məlumat Bazasının aparıcı elmi işçisi, b.ü.f.d. İlhamə Mirzəliyeva və Komputer Genomikası Beynəlxalq Laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Orxan Mustafayev 27–31 oktyabr 2025-ci il tarixlərində Mərakeşin Rabat şəhərində NENA (Yaxın Şərq və Şimali Afrika) regionu Genbankları üçün keçirilən təlim seminarında iştirak ediblər. Təlim Bitki Genetik Ehtiyatları üzrə Qlobal Etimad Fondu (Crop Trust) və Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (ICARDA) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Seminar Etimad Fondu tərəfindən həyata keçirilən Genbank əməliyyatları və qabaqcıl hazırlıq proqramının bir hissəsidir. Təlim zamanı GGCE sistemi vasitəsilə Genbank kolleksiyalarının effektiv idarə olunması, həmçinin Genesys platformasında tədqiqatçılar və seleksiyaçılar üçün məlumatların dərc edilməsi ilə bağlı praktiki və nəzəri sessiyalar təqdim edilib. Tədbirdə 8 ölkənin 11 təşkilatını təmsil edən 23 iştirakçı yer alıb.
Proqram çərçivəsində ICARDA-nın Rabatdakı əsas ofisinə səfər də təşkil olunub. İştirakçılar burada Genbankın orta və uzunmüddətli saxlanma kameraları, həyatilik qabiliyyəti və genetika laboratoriyaları, eləcə də istilikxanaların fəaliyyəti ilə yerində tanış olublar.
Təlim Etimad Fondu (Crop Trust) mütəxəssisləri tərəfindən aparılıb və sonda bütün iştirakçılara sertifikatlar təqdim edilib.