NEWS
14:19, 18.03.2023
Genetik Ehtiyatlar İnstitutu Novruz şənliyində yubilyarını təbrik etdi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) əməkdaşları 2023-ci il 17 mart tarixində Giləvar restoranında Novruz bayramı şənliyi keçirib. Həmkarlar İttifaqı Komitəsi, Gənc alim və mütəxəssislər Şurası, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə rəhbərliyi, şöbə müdirləri və çox sayda əməkdaşları qatılıb. Böyük Zəfərdən sonra 3-cü Novruz bayramı şənliyinin keçirilməsinin “ Heydər Əliyev ili ” nə təsadüf eləməsinin əlamətdar bir hadisə olduğu qeyd olunub. GEİ-nin Rüşeym plazması laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru , AMEA-nın Qızıl Aypara Cəmiyyətinin sədri Nağıyeva Ceyran Nəriman qızının 70 illik yubileyinin təntənəli olaraq bu şənlikdə qeyd edilməsi isə tədbiri daha da şərafətləndirib.Yubilyar Ceyran Nağıyevaya GEİ-nin baş direktoru tərəfindən imzalanmış Fəxri fərman və Həmkarlar İttifaqı Komitəsinin gül çələngi tədbir iştirakçılarının alqış sədaları altında təqdim olunub. Həmkarları çıxış edərək, yubilyarı GEİ-nin elmi və elmi təşkilati fəaliyyətindəki məhsuldar roluna görə yüksək qiymətləndirib və təbrik ediblər. Musiqili Novruz şənliyi keçirilən məkanda eyni zalda digər qonaqların 2 yubilyarını da təbrik etmək institut əməkdaşlarının diqqətindən yayınmayıb. Böyük Zəfərdən sonra 3-cü Novruz bayramı olaraq tədbir, ruh yüksəkliyi ilə başa çatıb. Bu ruh yüksəkliyini bizlərə bəxş edən, başda Ali Baş Komandan olmaqla Müzəffər Ordumuza, cəsur əsgərlərimizə, qazilərimizə eşq olsun! Ölkəmizin ərazi bütövlüyünün təmin olunması yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə, xalqımızın azadlığı yolunda ömürlərini girov qoymuş və şəhidlik zirvəsinə yüksəlmiş dövlət xadimlərinə, yazarlara, mədəniyyət xadimlərinə Allah rəhmət eləsin! Xalqımızın möhkəm həmrəyliyi,Türk millətinin və dövlətlərinin birliyi və uğurları sayəsində dünya azərbaycanlılarının arzularının çin olması səbəbindən bu Dünyamız var olduqca bütün şəhidlərimizin ruhları daima şad olsun! Novruz bayramımız mübarək olsun!