16:48, 12.11.2026
AR ETN Genetik Ehtiyatlar İnstitutunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 12 noyabr – Konstitusiya Günü münasibətilə tədbir keçirilib
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, baş direktor vəzifəsini icra edən Nigar Kərimova Konstitusiya Gününün ölkəmizin dövlətçilik tarixindəki əhəmiyyətindən danışıb və sözü Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rzaqulu Hacıyevə verib.
Rzaqulu Hacıyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğunun əsaslarını müəyyən edən, demokratik inkişafı təmin edən, cəmiyyətin siyasi, sosial, iqtisadi və mədəni həyatını tənzimləyən ali hüquqi sənəddir.
O, vurğulayıb ki, 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyada Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olması təsbit edilib. Sənəddə insanların rifahının yüksəldilməsi, sosial təminatın gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması ilə bağlı mühüm prinsiplər öz əksini tapıb.
Rzaqulu Hacıyev, həmçinin qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Genetik Ehtiyatlar İnstitutunda bir sıra tədbirlər, elmi-praktik seminarlar və maarifləndirici görüşlər təşkil olunub. Bu tədbirlərin əsas məqsədi Konstitusiya dəyərlərinin təbliği, hüquqi dövlət quruculuğunun və vətəndaş məsuliyyətinin gücləndirilməsidir.
Tədbirin sonunda Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.