NEWS
09:17, 09.10.2026
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları beynəlxalq elmi bazalardan istifadəyə dair təlimdə iştirak ediblər
Elm və Təhsil Nazirliyi ilə “Clarivate” şirkəti arasında imzalanmış milli müqavilə çərçivəsində “ProQuest Central” akademik informasiya bazası və “Web of Science” elmmetrik bazasından səmərəli istifadə mövzusunda təlim keçirilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və “Clarivate” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Nazirliyin tabeliyində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların 120-dən çox nümayəndəsi iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunu Beynəlxalq Kompüter Genomikası Laboratoriyasının əməkdaşları Ülkər Hüseynova-Musyafayeva və Lətifə Həsənova təmsil ediblər.
Təlim zamanı “ProQuest Central” və “Web of Science” bazalarının imkanları, elmi ədəbiyyatın axtarışı, etibarlı elmi mənbələrin müəyyənləşdirilməsi, elmi tədqiqatların qiymətləndirilməsi və tədqiqat nəticələrinin beynəlxalq elmi mühitdə görünürlüğünün artırılması istiqamətində bu resurslardan istifadə imkanları barədə ətraflı məlumat verilib.
Həmçinin iştirakçılara beynəlxalq elmi informasiya bazalarında effektiv axtarış aparılması və əldə olunan məlumatlardan elmi tədqiqat prosesində səmərəli istifadə ilə bağlı praktiki nümunələr təqdim olunub.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və beynəlxalq elmi informasiya resurslarından istifadənin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.