NEWS
17:33, 03.06.2026
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 3 iyun 2026-cı il tarixində növbəti elmi seminar təşkil olunmuşdur.
Seminar çərçivəsində İnstitutun İmmunogenetika şöbəsinin baş elmi işçisi, aqrar elmlər doktoru, dosent Cəbrayıl Ağayev “Aqrotexniki, bioloji və kimyəvi mübarizə üsul və vasitələri: inteqrir mübarizə sistemlərinin əhəmiyyəti və hazırlanma prinsipləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzədə bitki sağlamlığının qorunması sahəsində tətbiq olunan müasir yanaşmalar, aqrotexniki, bioloji və kimyəvi mübarizə üsullarının elmi əsasları, onların effektivliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, həmçinin inteqrir mübarizə sistemlərinin formalaşdırılması prinsipləri barədə ətraflı məlumat verilmişdir.
Çıxış zamanı torpağın becərilməsi, sələf bitkilərin düzgün seçilməsi, toxum materialının çeşidlənməsi, eləcə də bioloji və kimyəvi mübarizə vasitələrinin məqsədyönlü və səmərəli tətbiqi məsələləri geniş şəkildə şərh olunmuşdur. Bununla yanaşı, inteqrir mübarizə sistemlərinin hazırlanması prosesində əkin sahələrinin torpaq-iqlim xüsusiyyətlərinin, zərərli və faydalı orqanizmlərin yayılma səviyyəsinin, habelə iqtisadi ziyanlılıq həddinin nəzərə alınmasının vacibliyi xüsusi vurğulanmışdır.
Məruzəçi qeyd etmişdir ki, bitki sağlamlığının qorunması sahəsində tətbiq olunan innovativ yanaşmaların əsas məqsədi ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatında məhsuldarlığın və istehsal səmərəliliyinin artırılması, insan və heyvanların qida təhlükəsizliyinin elmi əsaslarla təşkili, ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, eləcə də dayanıqlı və inklüziv inkişafın dəstəklənməsidir.
Seminar mövzu ətrafında aparılan müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə başa çatmışdır