NEWS
11:47, 27.02.2026
Əbu Əli ibn Sina adına Buxara Dövlət Tibb İnstitutunun doktorantları Genetik Ehtiyatlar İnstitutunu ziyarət ediblər
Özbəkistanın Əbu Əli ibn Sina adına Buxara Dövlət Tibb İnstitutunun Nevrologiya kafedrasının doktorantları Navruzova Zarina Şodmon qızı və Kudratova Şahodat Ramazonovna İnstitutun İnsan genetikası laboratoriyası ilə tanış olublar. Tanışlıq çərçivəsində gənc tədqiqatçılara laboratoriyanın əsas fəaliyyət istiqamətləri, aparılan elmi-tədqiqat işləri və müasir avadanlıqlar barədə ətraflı məlumat verilib.
Laboratoriya əməkdaşları insan genetikası sahəsində həyata keçirilən layihələr, molekulyar-genetik analiz üsulları, irsi xəstəliklərin diaqnostikası və genetik müxtəlifliyin öyrənilməsi istiqamətində görülən işləri təqdim ediblər. Bildirilib ki, burada əldə olunan nəticələr tibbin müxtəlif sahələrində, xüsusilə də fərdiləşdirilmiş müalicə və erkən diaqnostika istiqamətində mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı doktorantlar laboratoriyanın maddi-texniki bazası ilə yaxından tanış olub və maraqlandıran suallara cavab alıblar. Tərəflər gələcəkdə birgə elmi layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və kadr hazırlığı sahəsində əməkdaşlıq imkanlarını da müzakirə ediblər.