17:17, 10.06.2026
Genetik Ehtiyatlar İnstitutunda elmi seminar keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 10 iyun 2026-cı il tarixində növbəti elmi seminar keçirilmişdir. Seminar çərçivəsində İnstitutun Molekulyar Genetika və Genomika şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Leyla Vəliyeva “Müasir tibbdə mikrobiom və metagenomik tədqiqatların əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzədə mikrobiom anlayışı, onun insan orqanizmindəki funksiyaları, metagenomika və metagenomik analiz metodları, insan bağırsaq mikrobiomunun metagenomik tədqiqi, eləcə də bu istiqamətin müasir tibbdə tətbiq perspektivləri barədə ətraflı məlumat verilmişdir.
Seminar zamanı genomikanın sürətlə inkişaf edən sahələrindən biri olan metagenomikanın elmi mahiyyəti və praktik əhəmiyyəti geniş şəkildə təqdim edilmişdir. Qeyd olunmuşdur ki, metagenomika mikrobioloji icmaların genetik materialının kompleks şəkildə öyrənilməsinə imkan verən müasir tədqiqat yanaşmasıdır. Bu metod mikroorqanizmlərin növ tərkibinin, funksional xüsusiyyətlərinin və ekoloji qarşılıqlı əlaqələrinin müəyyənləşdirilməsində mühüm rol oynayır.
Məruzəçi metagenomik analizlərin müasir tibbdə tətbiq sahələrinə də toxunmuş, bu yanaşmanın xəstəliklərin erkən diaqnostikası, onların inkişaf riskinin qiymətləndirilməsi, fərdiləşdirilmiş müalicə strategiyalarının hazırlanması və profilaktik tədbirlərin planlaşdırılması baxımından geniş imkanlar yaratdığını vurğulamışdır.
Seminar mövzu ətrafında aparılan müzakirələr, iştirakçıların suallarının cavablandırılması və fikir mübadiləsi ilə yekunlaşmışdır.