НОВОСТИ
15:46, 09.10.2025
Genetik Ehtiyatlar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Elmi Şuranın növbəti iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov gündəlikdə yer alan məsələlər barədə Şura üzvlərinə və iştirakçılara ətraflı məlumat vermişdir. Daha sonra Z.Əkpərov institutun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmovu 25 sentyabr 2025-ci il tarixində 60 illik yubileyinin tamam olması münasibətilə təbrik etmişdir. O, professor S.Məhərrəmovun respublikada baytarlıq təbabəti elminin inkişafına, pedoqoji sahədə səmərəli fəaliyyətinə, həmçinin gənc alim və mütəxəssislərin hazırlanmasında göstərdiyi mühüm xidmətləri yüksək qiymətləndirmişdir.
Vurğulamışdır ki, S.Məhərrəmov 200-ə yaxın elmi məqalə, dərslik, monoqrafiya, proqram, təklif və tövsiyələrin müəllifidir. Onun rəhbərliyi altında 1 nəfər elmlər doktoru və 8 nəfər fəlsəfə doktoru hazırlanmış, hazırda 5-dən artıq doktorant və dissertant onun elmi rəhbərliyi altında tədqiqatlarını davam etdirir.
Professor S.Məhərrəmov, həmçinin “Qabaqcıl təhsil işçisi” (2007), “Əməkdar elm xadimi” (2014) fəxri adlarına, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı (2019) ilə təltif olunmuşdur. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Alim uzun illər Naxçıvan Dövlət Universitetində 2413.01 – “Entomologiya” və 2429.01 – “Parazitologiya” ixtisasları üzrə biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün fəaliyyət göstərən Dissertasiya Şurasına rəhbərlik etmiş, hazırda isə Azərbaycan ETN Genetik Ehtiyatlar İnstitutunda fəaliyyət göstərən FD 1.37 Dissertasiya Şurasının sədr müavini vəzifəsini icra edir.
İclasın sonunda professor Saleh Məhərrəmov elmi və pedaqoji fəaliyyətindəki çoxillik səmərəli fəaliyyətinə görə Genetik Ehtiyatlar İnstitutunun fəxri fərmanı ilə təltif edilmiş, Elmi Şura üzvləri də yubilyarı təbrik etmişlər.