
15:49, 09.07.2025
Genetik Ehtiyatlar İnstitutunda ASAN könüllüləri elmi ekskursiyada iştirak etmişlər
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 8 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən 3 saylı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən könüllülər ekskursiyada olmuşlar.
“Genetik mühəndislik” adlı təqdimat mövzusu çərçivəsində təşkil olunmuş görüşdə institutun Texniki və yem bitkiləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Məmmədova ASAN könüllülərinə genetika və seleksiya sahəsində aparılan tədqiqatlar, milli genetik ehtiyatların qorunması və biotexnoloji yeniliklər barədə ətraflı məlumat vermişdir. Mövzu dair suallar cavablandırılmış, müzakirələr aparılmışdır.
Daha sonra könüllülər institutun nəzdində olan Milli Genbank və Herbari fondunda olmuşlar. Burada onlara kənd təsərrüfatı bitkilərinin, o cümlədən nadir, itməkdə olan və yabanı əcdad növlərin toxumlarının mühafizəsi, toplanması və saxlanması prosesi haqqında praktik bilgilər təqdim olunmuşdur.
Tədbirin əsas məqsədi gənclərin elmi tədqiqat prosesləri ilə tanışlığı, onların ekoloji maariflənməsi və genetik ehtiyatlara dair biliklərinin artırılması olmuşdur.