НОВОСТИ
16:14, 13.06.2025
Genetik Ehtiyatlar İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində korrupsiya və narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirildi
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 13 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”na və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinə dair dövlət tapşırıqlarına uyğun olaraq genişmiqyaslı maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə elm və təhsil sektorunda korrupsiya və narkomaniyaya qarşı mübarizə mexanizmləri, hüquqi çərçivələr və cəmiyyətin bu təhlükəli hallara qarşı dözümsüzlüyünün artırılması mövzusunda maarifləndirmə sessiyası çərçivəsində institutun əməkdaşlarına korrupsiyaya qarşı etik davranış modeli, şəffaf idarəetmə prinsipləri və narkotik vasitələrin fəsadları barədə ətraflı məlumat verilmişdir.
AR ETN Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Zeynal Əkpərov tədbiri giriş sözü ilə açaraq, mövzü üzrə maarifləndirici məlumatlar vermişdir.
Daha sonra çıxış edən institutun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi, hüquqşünas Rzaqulu Hacıyev bildirmişdir ki, korrupsiyaya qarşı effektiv mübarizə yalnız inzibati nəzarətlə deyil, eyni zamanda vətəndaşların hüquqi məlumatlılığının artırılması və etik davranışların təşviqi ilə mümkündür.
O, qeyd etmişdir ki, narkomaniyaya qarşı mübarizənin əsas hədəflərindən biri isə gənclər arasında sağlam həyat tərzinin təşviqi və bu istiqamətdə elmi-təcrübi maarifləndirmənin gücləndirilməsidir və cəmiyyətin sağlam inkişafında narkomaniyaya qarşı aparılan mübarizə prioritet istiqamətlərdən biridir.
Tədbir, həmçinin “Konstitusiya İli” çərçivəsində təşkil olunduğundan iştirakçılara Azərbaycan Respublikasının Konstitusiyasının əsas müddəaları, vətəndaşların hüquq və vəzifələri, hüquqi dövlət quruculuğu prinsipləri barədə məlumat verilmişdir.