НОВОСТИ
11:55, 26.02.2024
Genetik ehtiyatlar institutunda Xocalı qətliyamının anım günü ilə bağlı tədbir keçirilib.

AR ETN Genetik Ehtiyatlar İnstitutunda (GEİ) 2024-cü il 26 fevral tarixində Xocalı qətliamının 32-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı bəşəriyyətin ən dəhşətli və faciəli səhifəsidir” mövzusunda anım tədbiri keçirilib. Xocalı qətliamı qurbanlarının, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra, tədbir davam edib. GEİ-nin baş direktoru AMEA-nın müxbir üzvü, prof. Zeynal Əkpərov misli görünməmiş, XX əsrin ən dəhşətli, analoqu olmayan soyqırımlarından biri olan Xocalı faciəsinin institutun hər bir əməkdaşının kədərinə səbəb olmasını qeyd edib. O, həm də 2020-ci ilin 44 günlük 2-ci Qarabağ müharibəsinin Böyük zəfərlə və 2023-cü ilin 19-u sentyabrında isə erməni işğalçılarına qarşı ordumuz tərəfindən antiterror əməliyyatının çox qısa zaman kəsiyində uğurla başa çatdırılması ilə şəhidlərin qanının yerdə qalmadığından, qisaslarının alındığından, bütün türk dünyasının, institutun 300-yaxın əməkdaşının da daxil olduğu ölkə ictimaiyyətinin qürur hissi keçirdiyini bildirib. Xocalı soyqırımının baş verməsini və 30 ildən çox müddət keçdikdən sonra soyqırım qurbanlarının qanının yerdə qalmamasını, qisasının alınmasını, habelə Xocalıda bərpa və quruculuq işlərini, xocalıların öz dədə-baba yurdlarına qayıtmasını əks etdirən video-rolik nümayiş etdirilib. Institutun əməkdaşları bu gün, həm də Xocalı abidəsini ziyarət ediblər. Xocalı soyqırımı qurbanlarına, şəhidlərimizə Allah rəhmət eləsin! Xocalıda, Xankəndində və ölkəmizin işğaldan azad edilmiş bütün ərazilərində bərpa və quruculuq işlərinin uğurla həyata keçirilməsindən, Dövlətimizin, Müzəffər ordunun daha da güclü olması ilə şəhidlərimizin ruhları daima şad olsun!